UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı bəlli oldu

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Gecənin ən diqqətçəkən görüşü İngiltərədə “Mançester Yunayted” və İspaniyanın “Atletiko” (Madrid) komandaları arasında baş tutub. Madriddə keçirilmiş ilk qarşılaşmada qalib müəyyənləşməmişdi. Cavab görüşündə “qırmızı şeytanlar”ı səfərdə məğlub edən İspaniya təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

Gecənin digər matçında isə Niderland “Ayaks”ı Portuqaliya “Benfika”sını qəbul edib. Lissabondakı ilk matçda məhsuldar heç-heçə qeydə alınmışdı. İndiyədək 8 dəfə üz-üzə gələn komandaların duelində “Ayaks”ın üstünlüyü vardı: 4 qələbə, 1 məğlubiyyət, 3 heç-heçə. “Benfika”nın 1969-cu ildən bəri “Ayaks”ı məğlub edə bilmədiyini nəzərə alsaq, bu dəfə də Niderland klubu cütün aşkar favoriti kimi görünürdü. Amma bu görüşdə də qonaqlar minimal hesabla qalib gəliblər və növbəti mərhələyə yüksəliblər.

Daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” və Almaniyanın “Bayern” klubları UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqəni təmin etmişdi. Qalan iki 1/4 finalçının adına martın 16-da aydınlıq gələcək. Sonuncu oyun günündə “Yuventus” (İtaliya) “Vilyarreal”ı (İspaniya) (ilk oyun 1:1), “Lill” (Fransa) isə “Çelsi”ni (İngiltərə) (ilk oyun 0:2) qəbul edəcək. Çempionlar Liqasında 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
15 mart

“Mançester Yunayted” (İngiltərə) – “Atletiko” (İspaniya) 0:1
Qol: Lodi, 41.
İlk oyun – 1:1

“Ayaks” (Niderland) – “Benfika” (Portuqaliya) 0:1
Qol: Nunez, 77.
İlk oyun – 2:2

Xəbəri sosial şəbəkələrdə paylaş: