Kiprin Limasol şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib və gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair qərarlar qəbul edilib.
Arena.az məlumat verir ki, qarşıdakı turnirlərin ev sahibinin müəyyən edilməsi ilə yanaşı, gündəlikdə dayanan ən əsas məsələ UEFA-nın vitse-prezidentlərindən birinin müəyyən edilməsi olub.
Bu xüsusda qəbul edilmiş müvafiq qərara görə Albaniya Futbol Assosiasiyasının (FSHF) rəhbəri Armand Duka UEFA-nın vitse-prezidenti təyin edilib. Armand Duka 10 sentyabr 2023-cü il tarixində məlum seksist qalmaqaldan sonra istefa vermiş İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubialesin yerinə qitə futbol qurumunun vitse-prezidentlərindən biri təyin edilib.
Həmçinin İcraiyyə Komitəsi 2024-cü ilə planlaşdırılmış UEFA Konqresinin Madriddən Parisə köçürülməsi barədə qərar qəbul edib. Konqress 8 fevral 2024-cü ilə təyin edilib. UEFA Millətlər Liqasının 2024/2025 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi də həmin gün Fransanın paytaxtında baş tutacaq.
Qitə futbol qurumunun İcraiyyə Komitəsinin növbəti iclası oktyabrın 10-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Qarşıdakı iclas zamanı gündəlikdəki əsas məsələ AÇ-2028 və AÇ-2032 turnirlərinin ev sahiblərini müəyyənləşdirmək olacaq.


