Vircil van Deyk: “Avroliqaını qazanmaq üçün hər şeyi edəcəyik”

“Liverpul”un holland mərkəz müdafiəçisi Vircil van Deyk “qırmızılar”ın Avropa Liqasının cari mövsümü üçün planları haqda danışıb:

Arena.az “Daily Mail”ə istinadən məlumat verir ki, kapitan “Liverpul”un Avropa Liqasını qazanması üçün cani-dildən çalışacağını bildirib, amma müdafiəçi hadisələri tələsdirməməyin də vacibliyini vurğulayıb:

“Biz hamımız Çempionlar Liqasına düşmək istəyirdik, amma ötən mövsümün nəticələrinə görə buna layiq olmadıq. Biz Avropa Liqasında iştirak edəcəyik və onu qazanmaq üçün hər şeyə hazırıq. Bunun üçün çalışmaq lazımdır və iş LASK ilə oyundan başlayır.
Hadisələri tələsdirməməliyik. Hər yarışda hər oyun heç də asan olmayacaq. Yeni mövsümün əvvəlində biz yaxşı futbol nümayiş etdiririk, amma bu, hələ sentyabrdır”, – deyə van Deyk mövsümün yenicə başladığına işarə vurub.

Xatırladaq ki, “Liverpul” Avropa Liqasının qrup mərhələsində ilk oyununu bu gün – sentyabrın 21-də keçirəcək. Klopun “qırmızılar”ının ilk rəqibi Avstriyanın LASK komandası, növbətilər isə Belçikanın “Yunion”, Fransanın “Tuluza” kollektivləri olacaqlar.

Vircil van Deykə gəlincə, mərkəz müdafiəçisi 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Onun “qırmızılar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Müdafiəçinin mersisaydlıların heyətində ümumi statistikası isə belədir: 225 oyun, 19 qol, 12 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. O, həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019 mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu Niderland yığmasının heyətində 60 oyuna çıxıb, 6 qol vurub.

“Transfermarkt” internet-portalı 32 yaşlı Vircil van Deyki 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: