Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 5-ci turu çərçivəsində “Bilis”lə qarşılaşıb.
“Partizani” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 61-ci dəqiqəsində əvəzlənib. Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. O, 20-ci dəqiqədə penaltidən dəqiq yararlanmaqla hesabı açıb.
“Partizani” 5 turdan sonra 4 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 8-ci pillədə qərarlaşıb. Sözügedən komanda 5 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 2 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.


