Xesus Navasa və Fabian Ruisə qeyri-adi hədiyyə verildi

İspaniya yığmasının futbolçuları – Xesus Navasa və Fabian Ruisə AÇ-2024-də qalibiyyət müqabilində qeyri-adi hədiyyə verilib.

Arena.az bu barədə “Muchodeporte” dərgisinin rəsmi “YouTube” kanalına istinadən məlumat verir.

Xesus Navas və Fabian Ruis yerli olduqları Los-Palasios-i-Vilyafranka şəhərinin icra rəhbərliyindən ümumilikdə düz 147,9 kq pomidor hədiyyə alıblar.

Bildirilir ki, yerli hakimiyyət futbolçuları Almaniyada keçirilmiş Avropa çempionatında İspaniya yığmasının heyətində qazandıqları qələbə münasibətilə təbrik etmək qərarına gəlib. Bu hədiyyənin futbolçuların yerli olduqları şəhərin adı ilə bağlı – əlamətdar bir hədiyyə olması üzərində xeyli baş sındırmış şəhər rəhbərliyi nəhayət qeyri-adi həll taparaq müvafiq qərar qəbul edib.

Los-Palasios-i-Vilyafranka şəhəri Sevilya əyalətinin cənubunda yerləşir. 40 min nəfərə yaxın sakini olan bu şəhərcik ölkədə ən yaxşı pomidor yetişdirməsi ilə məşhurdur. Odur ki, şəhər rəhbərliyi ən yaxşı hədiyyənin elə, pomidor olması qənaətinə gəlib.

Futbolçulara təqdim edilmiş bəxşiş qədim adət-ənəyə müvafiq, lap şah hədiyyəsi kimi verilib. Hər bir futbolçu özü ağırlığında pomidor alıb.

Beləliklə, Xesus Navasa 64,7 kq, Fabian Ruisə isə 83,2 kq pomidor verilib. Sosial şəbəkələrdə futbolçuların bütün yayı pomidor çığırtması kefinə baxacaqları haqda zarafat dolu şərhlər paylaşılıb. Müvafiq xörək bu şəhərcikdə çox sevilir və yerli mətbəxin incisi sayılır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: