Xosep Qvardiola öz işini qiymətləndirdi: “Çox yaxşıyam”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”n sükanı arxasında öz məşqçilik fəaliyyətini qiymətləndirib.

Arena.az “Che Tempo Che Fa” dərgisinə istinadən məlumat verir ki, ispan mütəxəssis həmçinin bir neçə xüsusa dair sualları cavablayıb:

“Mən çox yaxşıyam”, deyə “Pep” “Mançester Siti”nin baş məşqçisi kimi əldə etdiyi uğurları şərh edərkən bildirib.

“Mən hansı komanda ilə Çempionlar Liqasında qarşılaşmaq istəməzdim? Yaxşı sualdır. Yəqin ki, “Barselona” ilə, çünki bu kluba böyük məhəbbətim var”.

Qvardiola son vaxtlar adı ətrafında dolaşan, İngiltərə yığmasının baş məşqçisi olacağı ilə bağlı xəbərləri təkziblə çıxış edib, həmçinin “Mançester Siti”dən ayrılacağına dair məlumatı şərh edib:

“Bu, doğru deyil. Mən “Mançester Siti”nin baş məşqçisiyəm. Gələcək haqqında heç bir qərar verməmişəm, hər şey ola bilər. Yəni bilmirəm.

Gələcəkdə başıma nə gələcəyini görəcəyik. Hələ düşünməliyəm və gələcəkdə nə etmək istədiyimə qərar verməliyəm”, deyə “Pep” dumanlı bir müəyyənliklə bildirib.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 483 oyun keçiriblər, 357 qələbə qazanıblar, 60 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1227:435 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, “Pep” “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.