“Mançester Siti” Federasiya Kubokunda 8-ci zəfərinə sevindi!

“Mançester Siti” bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunun 2025/2026-cı illər mövsümünün final oyununda “Çelsi” ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar Londondakı “Uembli” stadionunda üz-üzə gəliblər.

83 337 azarkeşin izlədiyi qarşılaşmanın taleyini bir qol həll edib. “Şəhərlilər” 72-ci dəqiqədə Antuan Semenyonun vurduğu tək qol sayəsində cari mövsümdə daha bir titul əldə ediblər.

Xatırladaq ki, Mançester təmsilçisi bir müddət öncə İngiltərə Liqa Kubokunun finalında da “Arsenal”ı 2:0 hesabıyla üstələyərək çempionluq sevinci yaşamışdı.

“Mançester Siti” 8-ci dəfə İngiltərə Federasiya Kubokunun qalibi olub. Hazırda Xosep Qvardiolanın çalışdırdığı kollektiv 1903/1904, 1933/1934, 1955/1956, 1968/1969, 2010/2011, 2018/2019 və 2022/2023 mövsümlərində də bu turnirin qalibi olmuşdu.

MS ən çox titul qazanan komandalar arasında “Çelsi”, “Liverpul” və “Tottenhem”lə birgə üçüncü yerə yüksəlib. İngiltərə Federasiya Kubokunu ən çox “Arsenal” (14) və “Mançester Yunayted” (13) qazanıblar.

Yeri gəlmişkən, Xosep Qvardiola da İngiltərə klubunu çalışdırdığı 10 il ərzində 20 kubok qazanmağa müvəffəq olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: