Ötən gün futbol üzrə Azərbaycan çempionatının Birinci Liqasında 2025/2026-cı illər mövsümünün çempionu müəyyənləşdi.
Arena.az xəbər verir ki, “Şəfa” mövsümün sonuna 1 tur qalmış 1-ci yeri təmin etdi.
Paytaxt təmsilçisi buna 26-cı turda nail oldu. “Şəfa” öz meydanında “Cəbrayıl”a qalib gəldi – 1:0. Bununla da xallarının sayını 57-yə çatdırmış Bakı klubu izləyiciləri üçün əlçatmaz oldu. Nəticədə “Şəfa” həm qızıl medalları, həm də Premyer Liqaya vəsiqəni təmin etdi.
İlk dəfə Birinci Liqanın qalibi olan “Şəfa” əvvəllər Birinci dəstə və Birinci Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır. Bunadək 26 klub belə uğur əldə edib. “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan”, “Qəbələ” və “Turan Tovuz” iki, digər komandaların bir qızıl medalı var.
Qeyd edək ki, 1993/1994-cü illər mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/1998, 1998/1999, 2002/2003 mövsümlərində yarış keçirilməyib.
Birinci Liqanın bütün qalibləri
- ANS Pivani (Bakı)
- Xəzri
1993/1994. Azneftyağ və Zabrat
1994/1995. Şəmkir
1995/1996. Xəzər (Sumqayıt)
1996/1997. Göyçay
1999/2000. Şahdağ (Quba)
2000/2001. MOİK
2001/2002. Lokomotiv
2003/2004. Gənclərbirliyi
2004/2005. Şüvəlan
2005/2006. Qəbələ
2006/2007. Masallı
2007/2008. Bakılı
2008/2009. ABN
2009/2010. Kəpəz
2010/2011. Abşeron
2011/2012. Qaradağ Lökbatan
2012/2013. Ağsu
2013/2014. Araz Naxçıvan
2014/2015. Neftçala
2015/2016. Neftçala
2016/2017. Turan Tovuz
2017/2018. Xəzər (Bakı)
2018/2019. MOİK
2019/2020. Turan Tovuz
2020/2021. Neftçi-2
2021/2022. Qaradağ Lökbatan
2022/2023. Araz Naxçıvan
2023/2024. Şamaxı
2024/2025. Qəbələ
2025/2026. Şəfa
Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.


