“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşü “İmişli”nin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərə təşəkkür edirəm. Uzun yol gəlib, bizə dəstək oldular. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Son oyunda əlimizdən gələni edəcəyik. İlk hissə bərabər səviyyədə keçdi. Üstünlük rəqibdə olsa da, keyfiyyətli əks-hücumlar qurduq. 3-4 oyunçumuz zədəlidir. Buna baxmayaraq, ilk yarıda yaxşı müdafiə olunduq. İkinci hissədə isə qolu erkən buraxdıq ki, bu da çətinlik yaratdı. Belə olacağını bilirdik. Rəqib layiqli qələbə qazandı. Onları Avropa Liqasına vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. İkinci hissədə gənc, yerli futbolçular oynadılar. Bu, onlar üçün təcrübədir. Oyunçuların futbolun nəbzini hiss etməsi bizim üçün vacibdir. İstəyimizə üç tur əvvəl nail olmuşuq. Futbolçularımı təbrik edirəm. Son oyunda da gənclərə şans verməyi nəzərdə tuturuq.
Dioqo Almeyda üçün mövsüm bitib. Andrey Sinenka isə hazırda Bakıdadır və məşqlərə qoşulur.
Mediada yayılan xəbərlər doğru deyil. Dəqiq olan budur ki, son tura qədər bütün fikrim “İmişli”dədir”.


