İspaniyanın “Eybar” klubunun mərkəz müdafiəçisi Xuan Berrokal bundan sonra “Xetafe”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Transferin 2,2 milyon avroya baş tutduğu bildirilir. 25 yaşlı ispan futbolçu yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb.
Xuan Berrokal “Sevilya”nın yetirməsidir. O, bu klubda olarkən “Mirandes” və “Sportinq” (Xixon) kimi komandalarda icarədə də oynayıb. 2022-ci ildən “Eybar”da çıxış edən müdafiəçi bu klubun heyətində 73 oyuna çıxıb, 2 qola imza atıb.
Berrokal vaxtilə İspaniyanın U-19 komandasında forma geyinsə də, sonradan milli komandalara lazım olmayıb.
“Xetafe” öz mərkəz müdafiəçisi Qaston Alvaresi isə Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubuna satıb. La Liqa klubu onun satışından 12 milyon avro qazanıb. İspaniya vətəndaşlığına da malik olan 24 yaşlı uruqvaylı futbolçu yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Peşəkar karyerasına Uruqvayın “Defensor Sportinq” klubunda başlamış Qaston Alvares, ölkəsində “Boston River”in də şərəfini qoruyub. 2022-ci ildən “Xetafe”də çıxış edən müdafiəçi, La Liqa klubunun heyətində 62 oyuna çıxıb, 4 qola imza atıb.
Qaston Alvares Uruqvayın U-20 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.


