Xuanlu Sançes “Sevilya” ilə yeni müqavilə imzaladı

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Sevilya” sağ cinah müdafiəçisi Xuanlu Sançes ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

21 yaşlı ispan futbolçu ilə 3 illik yeni sözləşmə imzalanıb. Bununla da o, 2029-cu ilə qədər “Sevilya”nın şərəfini qoruyacaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Xatırladaq ki, Xuanlu Sançes “Sevilya”nın öz yetirməsidir. O, 2022/2023-cü illər mövsümünd “Mirandes”də icarədə də olub. Sağ vinger kimi də oynamağı bacaran ispaniyalı futbolçu “Sevilya”nın əsas komandasında 67 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Xuanlu hazırda İspaniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvüdür. O, daha öncə U-16, U-17, U-18 və U-19-da da çıxış edib, ölkəsinin Olimpiya yığmasının şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: