Xulian Alvares Madrid “Atletiko”suna keçidini əsaslandırdı

Argentina yığmasının mərkəz hücumçusu Xulian Alvares “Mançester Siti”dən Madrid “Atletiko”suna keçid qərarını əsaslandırıb.

Arena.az “Madrid Universe” dərgisinə istinadən, argentinalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Karyeramda dəyişikliyə, yeni bir çağırışa ehtiyacım olduğunu hiss etdim və duyuram ki, bu, mənə futbolçu kimi ola biləcəyim ən yaxşısı olmaq üçün məkan verən bir klubdur”, deyə Alvares bildirib.

Xulian Alvares “River Pleyt”in yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. “Atletiko” Xulian Alvaresi 2024-cü ilin avqustunda 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvares “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Alvares “şəhərlilər”in heyətində bütün yarışlarda 54 oyuna çıxıb, 19 qol vurub, 13 məhsuldar ötürmə verib. Alvaresiin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 103 oyun, 36 qol, 18 məhsuldar ötürmə.

Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 36 oyuna çıxıb, 9 qol vurub, 1 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğin qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: