Futbol üzrə İspaniya yığmasının və “Vilyarreal”ın cinah hücumçusu Yeremi Pino bundan sonra karyerasını “Kristal Pelas”da davam etdirəcək.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Pino “Kristal Pelas”da 10 nömrəli formada çıxış edəcək. İngiltərə klubu bu transfer üçün “Vilyarreal”a 30 milyon avro ödəyib.
Pinonun futbola gəlişi “Las Palmas” və “Roda” (İspaniya) klubları ilə başlayıb. Daha sonra Yeremi “Vilyarreal”ın yeniyetmələrdən ibarət komandasına keçib. Ardınca isə Pino tərəqqi edərək, 2020-ci ilin avqustunda “Vilyarreal”ın əsas komandasına keçib. Onun bu klubla 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var idi.
Pino “Vilyarreal”ın heyətində 170 oyuna çıxıb, 22 qol, 23 məhsuldar ötürmə müəllifi olub. İspan vinger “Vilyarreal”la 2020/2021-ci illər mövsümündə Avropa Liqasının qalibi olub.
Yeremi Pino 2021-ci ilin oktyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 15 oyuna 3 qol və 2 məhsudar ötürmə ilə fərqlənib. Yeremi İspaniya yığması ilə 2023-cü ildə UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı Yeremi Pinonu 30 milyon avro məbləğində qiymətləndirir.


