Zimbabve yığmasının sabiq üzvü 32 yaşında dünyasını dəyişdi

Zimbabve yığmasının və Cənubi Afrika Respublikasının “SuperSport Yunayted” komandasının sabiq qapıçısı Corc Çiqova vəfat edib.

Arena.az məlumat verir ki, Çiqova dünən, noyabrın 15-də 32 yaşında dünyasını dəyişib.

“Corc böyük insan, incə nəhəng idi, indiki və keçmiş oyunçular və klubdakı hər kəs tərəfindən sevilirdi.

“SuperSport Yunayted”dəki rəsmi müqaviləsi 2023-cü ilin iyununda başa çatsa da, o, komandanı dəstəkləmək üçün müntəzəm olaraq məşq meydançasına və stadiona baş çəkirdi.
Bu çətin və çox kədərli zamanda həm Cənubi Afrika, həm də Zimbabvedəki dostlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk. Ruhu şad olsun”, – klubun mətbuat xidməti rəsmi bəyanatla çıxış edib.

Çiqova 2023-cü il noyabrın 15-də evində yıxılaraq dünyasını dəyişib. Qapıçı ilk dəfə 2023-cü ilin iyulunda Cənubi Afrikada “SuperSport Yunayted”in məşqi zamanı huşunu itirərək yıxılmışdı. Çiqovaya ürək xəstəliyi diaqnozu qoyulmuş və bu səbəbdən qapıçı futboldan fasilə götürmüşdü.

Çiqova peşəkar böyük futbolda karyerası boyunca “Qanners Harare”, “Dinamos Harare”, “Polokvane Siti” və “SuperSport Yunayted” komandalarında çıxış edib. Karyerasının əsas hissəsini “Polokvane Siti”də keçirsə də, Çiqova ilk və yeganə klub qənimətini “SuperSport Yunayted”lə qazanıb. 2014/2015 mövsümündə Çiqova Cənubi Afrika Respublikası Kubokunun qalibi olub.

Çiqovanın futbolçu statistikası haqda məlumat kasadlığı var. Bəzi mənbələrdə qapıçının 2011-2019-cu illərdə Zimbabve yığmasında çıxış etdiyi göstərilir, bəzi mənbələr isə 2013-2019-cu illəri əhatə edirlər. Həmçinin Çiqovanın yığma komandanın heyətində oyun statistikası fərqlidir, rəqəmlər 15 və 32 olaraq göstərilir. Çiqova Zimbabve yığması ilə Cənubi Afrika Futbol Assosiasiyaları Şurası (COSAFA) Kubokunun qalibi olub (2017, 2018).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: