“Vest Hem” qəza keçirmiş Maykl Antonio haqda bəyanat yaydı

“Vest Hem”in ağır yol-nəqliyyat hadisəsi keçirmiş yamaykalı mərkəz hücumçusu Maykl Antonionun vəziyyəti haqda yeni rəsmi məlumat açıqlanıb.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Vest Hem Yunayted” təsdiq edə bilər ki, Maykl Antonio şənbə günü günortadan sonra yol-nəqliyyat hadisəsi nəticəsində yaralanmış alt ətrafının sınığı səbəbindən cərrahi əməliyyat edilib”, – “çəkicdöyənlər”in rəsmi bəyanatında deyilir.

Mətbuat xidməti həmçinin Antonionun yaxın günlərdə həkim nəzarətində olacağını vurğulayıb. Klub, gərək olarsa, əlavə məlumat verəcəyini açıqlayıb, həmçinin qəzadan sonra hücumçunu xilas etməkdə göstərdikləri müştərək işinə görə təcili yardım xidmətlərinə təşəkkürünü bildirib.

Qeyri-rəsmi mənbələrin məlumatına əsasən, Maykl Antonio dəhşətli avtoqəzadan sonra ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq. Əməliyyat olunan 34 yaşlı hücumçunun cari mövsümdə meydana çıxmayacağı dəqiqdir. Onun reabilitasiyası ilə məşğul olan həkimlərin proqnozlarına əsasən, oyunçunun sağalma müddəti bir ildir. Hətta Maykl Antonionun karyerasını bitirmək ehtimalı da var.

Xatırladaq ki, Maykl Antonio dekabrın 7-də qəzaya düşüb.

Maykl Antonio 2015-ci ilin sentyabrdan “Vest Hem”də çıxış edir. Yamaykalı hücumçunun “çəkicdöyənlər”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Antonio İngiltərə klubunun heyətində 15 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verir.

Maykl Antonio “çəkicdöyənlər”in heyətində ümumilikdə 323 oyuna çıxıb, 83 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib. Yamaykalı hücümçu “Vest Hem”lə Avropa Liqasını qazanıb.

Maykl Antonio 2021-ci ilin sentyabrında debüt etdiyi Yamayka yığmasının heyətində 21 oyun keçirib, 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı yamaykalı mərkəz hücumçusu Maykl Antonionu transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: