“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Juniora münasibətini açıqlayıb.
Arena.az “Marca” nəşrinə istinadən, fransalı futbolçunun, klub üzrə komanda yoldaşı haqda müvafiq fikrini təqdim edir:
“Vini”də məni ən çox heyran edən nədir? Onun təvazökarlığı, heç şübhəsiz ki. Bu futbolçunu hamı tanıyır və hər üç gündən bir onun hansı keyfiyyətlərə malik olduğunu görür. O, bu il bir çox komanda qənimətləri və fərdi mükafatlar qazandı, amma mən onun təvazökarlığını vurğulayıram. O, paltardəyişmə otağında insanlarla həmişə yaxşı anlaşır və bu, mənim çox xoşuma gəlir”, deyə Kilian Mbappe məmnunluqla vurğulayıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 21 oyuna çıxıb, 13 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 286 oyun, 97 qol, 83 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.


