Messi “Atlanta”ya 11 qol vurdu

Argentinalı ulduz hücumçu Lionel Messinin 12 yaşlı oğlu Tyaqo Messi “Atlanta”nın qapısından 11 qol keçirib.

Arena.az məlumat verir ki, əlamətdar hadisə Tyaqonun çıxış etdiyi “İnter Mayami”nin 13 yaşa qədər futbolçuların MLS Kuboku çərçivəsində oyununda baş tutub.

Hücumçu mövqeyində çıxış edən Tyaqonun 11 qolu “vağlar”ın rəqib üzərində 12:0 hesablı qələbəsində müstəsna əhəmiyyət kəsb edib.

Xatırladaq ki, Tyaqo “İnter Mayami”nin akademiyasına 2023-cü ildə qoşulub.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. Bu mövsümdə isə Messi “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: