İspaniya milli komandasının və “Barselona”nın 18 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi “blauqrana”nın iddiasını açıqlayıb.
Arena.az xəbər verir ki, gənc futbolçu “Barselona”nın bütün qənimətləri qazanmağa qadir olduğu qənaətindədir:
“Biz bütün qənimətlər uğrunda mübarizə apara bilərik. Deməzdim ki, bizim yolumuz asandır, bu, çox çətin də ola bilər, amma biz oyundan oyuna getməli və bütün qənimətləri qazanmağa çalışmalıyıq”, deyə Kubarsi vurğulayıb.
Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə 2029-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.
Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 41 oyuna çıxıb, qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Gənc oyunçunun “Barselona” karyerası ümumilikdə 65 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 5 oyun keçirib, 1 məhsudlar ötürmə verib.
Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025) İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


