Ayxan Abbasov: “3 xalı əldən verdik”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatmış matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarşısına avrokubok hədəfi qoyan komandalara qarşı oynamaq çətindir. Çempionat sona yaxınlaşdıqca hər kəs oyunlara final kimi yanaşır. Azarkeşlərimizə təşəkkür edirəm. Ağır qrafikdə idik. Bizim üçün böyük dəyişikliklər etmək çətindir. Uzun müddətdir təbii örtüklü meydançada oynamırdıq. İlk dəqiqələrdə bunun çətinliyi hiss olunurdu. Rəqib üstün olsa da, real qol epizodu bizdə oldu. Təəssüf ki, istifadə edə bilmədik. Daha sonra kobud səhvdən qol buraxdıq. İkinci hissədə futbolçularımdan razı qaldım. Bəlkə də 3 xalı əldən verdik. Hər iki komanda 1 xal qazandı. Bizim üçün vacib xaldır. Bu stabilliyi qorumalıyıq”.

Ayxan Abbasov Azərbaycanın U-21 millisinin baş məşqçisi təyin olunmasına da toxunub:

“Millidə çalışmaq mənim üçün şərəfdir. Bu vəzifəni daşımağa canla-başla razı oldum. AFFA rəhbərliyinə təşəkkür edirəm. Mövsümün sonuna qədər “Şamaxı”dayam. “Şamaxı” rəhbərliyi gənclərin oynaması üçün alışıb-yanır. Biz yayda gənc oyunçuların çox olmasını istəyirdik. Təəssüf ki, hamısını gətirə bilmədik. Qarşıdakı aylarda müzakirə edəcəyik. Gələn il gənc futbolçuların oynaması çətin olacaq. Artıq Premyer Liqada legioner limiti ləğv olunub. Klubla, federasiya ilə müzakirə edib, ən yaxşı qərarı verəcəyik.

İki işi icra etmək mənim çətin olmayacaq. U-21-in təlim-məşq toplanışı olacaq. Vaxtımız azdır. Köməkçilərimlə bu işin öhdəsindən gələcəyik. Elnur Çodarovla Kamil Qafarov bu təlim-məşq toplanışında mənimlə birlikdə olacaqlar. “Şamaxı”da 6-7 məşqdə iştirak etməyəcəyəm. Bu da problem olmayacaq. Növbəti toplanışlarda yeni köməkçilər olacaq.

Klubun mənafeyini qoruyacağıq. Mütləq şəkildə komandada legionerlər olacaq. Elə bir fikir yoxdur ki, “Şamaxı”da yalnız gənc futbolçular oynasın. Amma istəyərdim ki, U-21 millisinə namizəd bir çox futbolçu mənimlə işləsin. Birinci Liqada və ya Əvəzedicilər Liqasında məşq edib oynamaqla Premyer Liqa klubunda məşq edib oynamaq eyni deyil. Gənc futbolçuların oynaması önəmlidir. Amma onların yanında kimlərin olması da vacibdir. Sintez etmək istəyirik”.

“Əsas milli ilə mütəmadi əlaqədə olmalıyıq” – Ayxan Abbasov

Ayxan Abbasov əsas millimizin baş məşqçisi Fernando Santosla görüşmədiyini də qeyd edib:

“Yox, görüşümüz olmayıb. Təyinatım bu gün rəsmiləşib. Əsas milli ilə mütəmadi əlaqədə olmalıyıq. Çox istəyirəm ki, Santosla görüşüm, əlaqəmiz olsun. Bu, məncə, millinin xeyrinə olar”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə matçdan sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:

“Maraqlı, dinamik oyunun şahidi olduq. Oyunu iki hissəyə bölərdim. İlk yarı bizim üstünlüyümüzlə keçdi. İkinci hissədə “Şamaxı” daha çox epizodlara girirdi. Uda da bilərdik, uduza da. Hər iki komandanın qalib gəlmək şansı var idi. Yaxşı istirahət edib sonuncu dövrəyə hazırlaşacağıq.

Kuboka görə əlavə iki oyun keçirmişdik. Komandada yorğunluq ola bilər. Heyətimiz geniş deyil, zədəli oyunçularımız çoxdur. Rotasiyalar edə bilmirik. Bilirdik ki, bizim üçün hansısa period ağır olacaq. Futbolun içində olan detallardır.

7 oyunçu zədəli və ya cəzalıdır. Bütün futbolçular qayıdandan sonra daha yaxşı olacağıq”.

Elmar Baxşıyev “Araz-Naxçıvan”dan milli komandaya heç kimin çağırılmamasına dair suala da cavab verib:

“Buna şərh vermək istəmirəm. Seçim millinin baş məşqçisinə aiddir. Qərar verən şəxs odur. Amma bizim komandada da yaxşı yerli futbolçular var. Daha çox çalışıb milliyə layiq olduqlarını göstərməlidirlər. Qara Qarayev bu matçı çıxmaq şərtilə hər oyunda iştirak edib. 90 dəqiqə eyni tempdə oynamağa gücü çatır. Yaşına görə çağırmırlarsa… Nəyə görə çağırmadıqlarını bilmirəm. Qaradan başqa da milli səviyyəsində futbolçularımız var”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: