Paulo Bento BƏƏ millisini tərk etdi

Portuqaliyalı mütəxəssis Paulo Bento Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) futbol üzrə yığma komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin futbol federasiyası məlumat yayıb.

Qərar, BƏƏ millisinin DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində Şimali Koreya yığması üzərində 2:1 hesablı qələbəsindən bir gün sonra verilib.

BƏƏ mundialın final mərhələsinə vəsiqə qazanmaq şanslarını qoruyub saxlayır. Komanda sona iki tur qalmış 13 xalla A qrupunda üçüncü pillədə qərarlaşıb və lider mövqeyində olan İran yığmasından cəmi 7 xal geri qalır. İkinci yerdə 17 xala malik Özbəkistan yığması qərarlaşıb.

Xatırladaq ki, 55 yaşlı portuqaliyalı mütəxəssis 2023-cü ilin iyul ayından BƏƏ milli komandasına rəhbərlik edirdi. Həmin vaxt tərəflər 3 illik (2026-cı ilin 31 dekabrına kimi) müqavilə bağlamışdılar. BƏƏ Bentodan yığmanın DÇ-2026-ya vəsiqə qazanmasını istəmişdi. Amma o, bu vəzifənin öhdəsindən gəlmədən postundan ayrılıb.

BƏƏ yığması Paulo Bentonun rəhbərliyi altında 26 oyuna çıxıb. Komanda bu görüşlərdə 14 qələbə qazanıb, 5 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Paulo Bento BƏƏ-dən öncə Cənubi Koreya seçməsinin də baş məşqçisi postunda çalışıb. Hansı ki, bu komanda onun rəhbərliyi altında DÇ-2022-nin iştirakçısı olub. Cənubi Koreya yığması mundialın 1/8 final mərhələsində Braziliyaya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.

Bento daha öncə Portuqaliya (2010-2014) yığmasına da rəhbərlik edib. O, həmçinin “Sportinq”, “Kruzeyro”, “Olimpiakos”, “Çunçin Lyantzyan” kimi klublarda da baş məşqçi postunda çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: