Kilian Mbappe “Real”da xoşbəxtdirmi?

İspaniya nəhəngi “Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe hansı şəraitdə Madrid klubunun azarkeşi olduğunu açıqlayıb.

Arena.az “Madrid Xtra” dərgisinə istinadən, fransalı ulduzun müvafiq xatirəsini təqdim edir:

“Hər şey ondan başladı ki, mən “qalaktikos” dövründə “Zizu”nun (Zinəddin Zidan – redaktorun qeydi) pərəstişkarı idim. Mənim istədiyim – “Santyaqo Bernabeu”da bu köynəkdə oynamaq idi. Azarkeşlərin isə mənim adımı hayqırmalarını istəyirdim. Qollar vurmağı xəyal edirdim. Xoşbəxt olmaq istəyirdim. Mən “Real” üçün oynamağı xəyal edirdim, ardınca isə bu, mənim məqsədimə çevrildi, indi isə bu, gerçəklikdir”, deyə Mbappe məmnunluqla vurğulayıb.

Fransalı ulduz “Real”da xoşbəxt olub-olmadığı ilə bağlı sualı da cavablayıb:

“Mən xoşbəxtəmmi? Düşünürəm ki, bunu, mənim üzümdən anlamaq olar. Bəli, indi mən xoşbəxtəm. Çox xoşbəxtəm”, – “La Sexta” dərgisi Mbappedən sitat gətirir.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 45 oyuna çıxıb, 33 qol vurub, 5 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 88 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: