Cari mövsüm “Barselona”nın 18 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Pau Kubarsi üçün şəxsi rekordla əlamətdar olub.
Arena.az məlumat verir ki, Kubarsi cari mövsümdə meydanda 3262 dəqiqə keçirməklə, özünün şəxsi rekordunu müəyyənləşdirib.
Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 44 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 68 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 1 məhsudlar ötürmə verib.
Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025) İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.
“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


