“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Maraqlı oyun alındı. Qolumuzu vurub müdafiəyə çəkildik, əks-hücumda oynamağa çalışdıq. İstədiyimiz nəticəni qazandıq. Futbolçuların üzərində böyük təzyiq var. Bunu özümüz də hiss edirik. Turnir cədvəlində bizə yaxın olan komandalarla oyunlarda məsuliyyətimiz dağa çox olur. Məğlub olmaqdan qorxursan. Amma belə matçlarda itirməkdən qorxmursan, daha rahat olursan. Psixoloji cəhətdən söhbətlər aparırıq”.
Azər Bağırov sonuncu pillədəki “Səbail”lə xal fərqini 7-yə çıxartmalarına rəğmən, hələ mübarizənin davam etdiyini söyləyib:
“Hələ qarşıda 7 tur var. Mübarizə davam edir. Axıra qədər mübarizə aparmaq lazımdır”.
Azər Bağırov klub rəhbərliyinin onu başqa mütəxəssislə əvəzləməyə hazırlaşdığı barədə xəbərlərə də münasibət bildirib:
“Bu, mənim cavablandıracağım sual deyil. Mənim boynumda bir missiya var. Bir məşqçi olaraq bu missiyanın öhdəsindən gəlməliyəm. Digər məsələləri danışmaq ikinci növbədədir. Rəhbərliklə danışıqlarda müsbət fikirlər var. İnanıram ki, gələn mövsüm daha yaxşı “Kəpəz” görəcəyik”.
Berezutski: “Hörmətsizlikdən söhbət gedə bilməz”
“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Pis oyun oldu. Meydanda hərəkət etməyəcəyiksə, döyüşməyəcəyiksə, turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda həmişə bu cür nəticələr qeydə alınacaq. Bu tip matçlarda meydanda daha çoxunu etməlisən. Hər oyunda qələbə qazanmalıyıq. Amma bu cür yanaşma ilə çətin olacaq. Bir ayaqla qalib gəlmək olmaz”.
Berezutski bundan öncəki “Neftçi” ilə matçdan sonra mətbuat konfransını erkən tərk etməklə mətbuata hörmətsizlik etdiyi barədə sualı da cavablandırıb:
“Burada hörmətsizlikdən söhbət gedə bilməz. Bu, futboldur, bəzən belə emosiyalar olur. Bu oyun haqda çoxlu söz-söhbətlər var idi. Bizim keçmiş kapitanımız, hazırda “Neftçi”də çıxış edən Elvin Camalov çox qeyri-peşəkar davranış sərgiləmişdi”.


