Vasili Berezutski “Sabah”dan göndərilir?

Futbol üzrə Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Sabah” baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırmaq barədə düşünür.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Premyer Liqanın cari mövsümündə topladığı 36 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb və avrokuboklara vəsiqə qazanmaq şansı demək olar ki, qalmayıb.

Berezutskinin komandası keçirdiyi 30 oyunda cəmi 7 (!) qələbə qazanıb, 15 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb. Komandanın vurduğu və buraxdığı topların sayında da bərabərlik var – 40:40. “Bayquşlar” mövsümün ən çox qol buraxmış 4 komandasından biridir.

Bütün bunlar “Sabah” rəhbərliyinin baş məşqçi postunda dəyişiklik barədə indidən düşünməsini şərtləndirir. Klub rəhbərliyi hazırda yalnız Azərbaycan Kubokundakı nəticənin necə olacağını gözləyir. Məsələ burasındadır ki, Premyer Liqanı boşa vermiş komandanın hələ kubokda uğur qazanmaq şansı qalır. “Bayquşlar” yarımfinalda “Neftçi” ilə qarşılaşacaqlar. Komanda kuboku qazanacağı halda Berezutskinin də postunda qalması istisna deyil. Əks halda, klub rəhbərliyi mövsüm bitən kimi onunla yollarını ayıracaq.

Təbii ki, bu məqamda onun istefasının kluba maddi baxımdan sərf edib-etməyəcəyi də nəzərə alınmalıdır. Çünki 42 yaşlı mütəxəssisin bakılılarla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var. Sözləşməyə vaxtından əvvəl xitam veriləcəyi halda isə rusiyalı mütəxəssisə təzminat da ödənilməlidir. Bu məbləğin nə dərəcədə çox və ya az olduğu isə yalnız tərəflərə məlumdur.

Berezutskinin “Sabah”da qalmasını artıq futbolçular da istəmirlər. Gələndən sonra kapitan Elvin Camalovun “Neftçi”yə getməsinə səbəb olan rusiyalı mütəxəssis heyətdəki oyunçuların da hamısı tərəfindən sevilmir. Üstəlik, onun paytaxt təmsilçisindəki uğursuz fəaliyyəti də baş məşqçiyə olan inamı azaldıb. Rusiyalı mütəxəssis bu komandanı bütövlükdə 20 oyuna çıxarıb ki, bu görüşlərdə cəmi 6 qələbə sevinci yaşayıb. Qalan görüşlərdə isə 9 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb.

Vasili Berezutski gələndən sonra yerli futbolçulara bəslədiyi münasibət də tez-tez dilə gətirilir. Hətta o, bir müddət əvvəl jurnalistlərin bu məsələ ilə bağlı sualına da aydınlıq gətirmək məcburiyyətində qalmışdı. Bütün bunlar təbii ki, klub rəhbərliyinin də diqqətindən yayınmır. Hər halda “Sabah”ın rusiyalı baş məşqçisi barədə necə qərar verəcəyini elə yaxın aylarda bilmiş olacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaş: