Droqba Messiyə müraciət ünvanladı: “Leo”, yetər artıq”

“Çelsi”nin əfsanəsi, ivaurlu keçmiş hücumçu Didye Droqba, “İnter Mayami”ni argentinalı ulduz hücumçusu Lionel Messiyə sələnib.

Arena.az “GiveMeSport” dərgisinə istinadən məlumat verir ki, Droqba Messini futbolçu karyerasına son verməyə dəvət edib:

“Mən Lionel Messiyə indi dayanmağı məsləhət görərdim, o, onsuz da futbol üçün çox şey edib. Son dünya çempionatındakı qalibiyyəti isə onu daha da əfsanələşdirib. O, heyrətamiz oyunçudur!”, deyə Droqba vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 12 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 51 oyun, 42 qol və 21 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Lionel Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Xəbəri sosial şəbəkələrdə paylaş: