Bilbao “Atletik”i “şirlər”in baş məşqçisi, 61 yaşlı ispan mütəxəssis Ernesto Valverde ilə müqavilə müddətini uzadıb.
Arena.az bu barədə “Atletik”in rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Beləliklə, Valverde “Atletik”in sükanı arxasında 10-cu ilinə qədəm qoyacaq. Daha əvvəl Valverde 2003-2005-ci və 2013-1017-ci illərdə “şirlər”i çalışdırıb.
Ernesto Valverde “Atletik”i 2022-ci ilin iyul ayından çalışdırır. Bu müddətdə Valverde Bilbao təmsilçisini 449 oyuna çıxarıb, 212 qələbə, 104 heç-heçə, 133 məğlubiyyət yaşayıb. “Atletik”in top fərqi isə 693:507 nisbətindədir.
Valverde “Atletik”ə İspaniya Kubokunu (2023/2024) və İspaniya Super Kubokunu (2015/2016) qazandırıb.
Əlavə edək ki, Valverde “Atletik”in sükanı arxasında ən çox oyun keçirmiş mütəxəssisdir.
Valverde məşqçilik karyerasına “Atletik”də başlayıb və fəaliyyəti dövründə ispan mütəxəssisin əlinin altından “Espanyol”, “Olimpiakos” (Pirey), “Vilyarreal”, “Valensiya” və “Barselona” keçiblər.


