Qara Qarayev və Slavik Alxasov da “Araz-Naxçıvan”da qaldılar

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha 2 futbolçusu Qara Qarayev və Slavik Alxasovla da yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, Naxçıvan təmsilçisinin müqaviləsinin müddəti başa çatmış daha 2 futbolçu ilə yenidən anlaşıb. Slavik Alxasov və Qara Qarayev 2025/2026-ci illər mövsümünü də bu komandanın heyətində keçirəcəklər. Hər iki futbolçu ilə anlaşma 1 illikdir.

Qara daha öncə “Qarabağ” və “Neftçi”də çıxış edib. 32 yaşlı dayaq yarımmüdafiəçisi 2024-cü ilin oktyabr ayından “Araz-Naxçıvan”da forma geyinir. Təcrübəli futbolçu bu komandanın heyətində meydana çıxdığı 24 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Slavik isə 2024-cü ilin avqustundan “Araz-Naxçıvan”da çıxış edir. 32 yaşlı sol cinah müdafiəçisi bu komandanın heyətində 35 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib. O, daha öncə “Sumqayıt”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah”, “Zirə”, “Xəzər Lənkəran” və “Turan Tovuz” kimi klublarda da çıxış edib.

Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə, həmçinin İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalandığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: