Çiro İmmobile rəsmən “Bolonya”da

Türkiyənin “Beşiktaş” klubundan ayrılan futbol üzrə İtaliya millisinin hücumçusu Çiro İmmobile bundan sonra “Bolonya”da çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb. Çiro A Seriyası təmsilçisinə azad agent kimi qoşulub.

Xatırladaq ki, “Beşiktaş” İmmobileni 2024-cü ilin yayında “Latsio”dan transfer etmişdi. 35 yaşlı forvardla 2 illik müqavilə imzalanmışdı. İtaliyalı futbolçu Türkiyə klubunda ilinə 6 milyon avro qazanırdı. O, “qara qartallar”ın heyətində 41 oyuna çıxıb, 19 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. İstanbul nəhəngi təcrübəli oyunçu ilə müqaviləsinə bir neçə gün öncə xitam vermişdi. İtaliyalı futbolçuya buna görə 2,6 milyon avro təzminat ödəniləcəyi açıqlanmışdı.

Çiro İmmobile “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Təcrübəli forvard karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund), “Sevilya”və “Latsio”da da forma geyinib.

İmmobile 2014-cü ilin mart ayında debüt etdiyi İtaliya yığmasında 57 oyun keçirib, 17 qol vurub, 8 assist edib.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: