Avropa Liqasının birinci təsnifat mərhələsində “Çelye” səddini keçə bilməyən “Sabah” mübarizəni Konfrans Liqasında davam etdirəcək.
Arena.az xatırladır ki, Azərbaycan və Sloveniya təmsilçiləri arasında keçirilmiş iki oyunun nəticəsinə əsasən məğlub (2:3, 3:3) olan “bayquşlar” Avroliqa ilə vidalaşıblar.
Buna baxmayaraq, təmsilçimiz avrokuboklarla tam vidalaşmayıb. Reqlamentə əsasən, Avroliqanı ilk mərhələdə tərk edən komandalar Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edirlər. Artıq Azərbaycan klubunun bu turnirin 2-ci təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib. Belə ki, “bayquşlar” Moldova təmsilçisi “Petrokub”la üz-üzə gələcəklər.
Moldova klubu Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Birkirkara” komandasını iki oyunun nəticəsinə görə (0:1, 3:0) mübarizədən kənarlaşdırıb.
“Sabah” “Petrokub”a qarşı ilk oyununu səfərdə keçirəcək. Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları iyulun 24-də və 31-də baş tutacaq.


