“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 3-cü raundunda “Levski”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan klubları arasındakı ilk oyun Sofiya şəhərində keçirilib.
“Sabah” səfər matçının son saniyələrində buraxdığı yeganə qol nəticəsində meydanı məğlub tərk edib – 0:1. Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları qeyd edib:
“Fikrimcə, taktiki baxımdan çox maraqlı oyun oldu. Biz bu oyuna planla gəlmişdik. Məğlub olmağımıza baxmayaraq, futbolçularımı yalnız tərifləyə bilərəm. Onlarla fəxr edirəm.
Uzun müddət “Levski”yə qarşı yaxşı mübarizə apardıq. Rəqib səviyyəli komandadır, amma ilk hissədə bizim daha çox nəzarətimiz olan anlar var idi və hiss edirdim ki, bir az daha soyuqqanlı ola bilsəydik, daha yaxşı nəticə əldə edə bilərdik.
İkinci hissədə isə, əlbəttə, rəqib baş məşqçisinin pressinqə qarşı bir həll tapacağını və bizi pressinqdən kənarlaşdırmaq üçün yollar axtaracağını gözləyirdik və elə də oldu. Xüsusən də oyunun 60-cı, 68-ci dəqiqələrinə qədər Everton Balla daha dərin oynadı və orada əlavə oyunçu üstünlüyü yaratdı. Biz həmin anda bir az kompaktlığımızı itirdik və “Levski” üstünlük qazandı.
Amma bundan sonra biz də öz həll yollarımızı tapdıq və oyunun bərabər səviyyədə davam etdiyini düşünürəm. Və əlbəttə, stadiondakı atmosfer – bu gün orada möhtəşəm atmosfer var idi. Bu, ev sahibi komanda üçün böyük üstünlük idi. Stadionda bu atmosfer olmasaydı, fərqli nəticə ola bilərdi”.
Dambrauskas cavab matçı üçün ümidli olduğunu diqqətə çatdırıb:
“İkinci hissədə bizim iki çox yaxşı qol imkanımız oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Amma bu sadəcə ilk oyundur. 90 dəqiqə geridə qaldı və indi “Levski”ni gələn həftə Bakıda qarşılayacağıq”, deyə Dambrauskas bildirib.
“Levski”nin baş məşqçisi Xulio Velaskes də komandasını tərifləyib:
“Bu gün oyunçularımdan çox məmnunam və onlarla fəxr edirəm. Futbolçularımızın əla iş gördüklərini deyə bilərəm. İlk dəqiqədən sona qədər bizi dəstəkləyən azarkeşlərə öz təşəkkürümü çatdırmaq istərdim. “Levski”nin baş məşqçisi olmaqdan qürur duyuram”.
Velaskes cütün favoriti sayılmadıqlarını söyləyib:
“Yaxşı nəticə qazanmaq üçün yaxşı formada olmalısan və gözəl oyun nümayiş etdirməlisən. Futbolçularım təvazökar davranmalıdırlar, çünki Azərbaycanda çətin qarşılaşma bizi gözləyir. Özümüzü cütün favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər”.
Xatırladaq ki, “Levski” ilə “Sabah” arasındakı cavab matçı avqustun 14-də Masazırda keçiriləcək.


