DÇ-2026-nın seçmə mərhələsinin Litva yığması ilə səfər oyunu Niderland millisinin hücumçusu Memfis Depay üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu 3:2 hesablı qələbəyə sevindikləri bu oyunda rekorda imza atıb.
Braziliyanın “Korintians” klubunda çıxış edən niderlandlı futbolçu görüşdə hesabı açmaqla millidəki 104-cü oyununda 51-ci qolunu vurub. Memfis oyunun 63-cü dəqiqəsində fərqlənərək dubla imza atıb. Bu nəticə ilə o, yığmanın bombardirləri siyahısında zirvəyə yüksəlib. Depay vaxtilə 102 matçda 50 qol vurmuş Robin van Persini geridə qoyub.
Xatırladaq ki, Van Persi 2005–2017-ci illərdə “zanbaqlar”ın şərəfini qoruyub.
Hazırda Braziliya nəhəngi “Korintians”da çıxış edən Memfis Depay Niderland yığmasında 2013-cü ilin oktyabr ayında debüt edib. O, millinin heyətində 104 oyuna 52 qol vurmaqla yanaşı, 34 məhsuldar ötürmə müəllifi də olub.
Depay Niderlandın PSV klubunun məzunudur. 2011-ci ildə peşəkar futbolçu karyerasına başlamış Depay “Mançester Yunayted”, Lion “Olimpik”i, “Barselona” və Madrid “Atletiko”sunda çıxış edib. O, 2024-cü ildən Braziliyanın “Korintians” klubunun şərəfini qoruyur. Niderlandlı forvard bu komandanın heyətində 51 oyun keçirib, 15 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı niderlandlı mərkəz hücumçusunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.


