Ukrayna milli komandasının mərkəz müdafiəçisi İlya Zabarnı Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna yığmaları sabah DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada üz-üzə gələcəklər.
Zabarnı matçdan öncə təşkil edilmiş mətbuat konfransında bu oyundan gözləntilərini paylaşıb. Fransa çempionu PSJ-nin şərəfini qoruyan 23 yaşlı futbolçu bunları söyləyib:
“Bu səviyyədə oyunlarda rəqibi heç bir qiymətləndirmədən söhbət gedə bilməz. Bütün milli komandalar necə müdafiə olunmağı və futbol oynamağı bilirlər. Şəxsən mənim üçün heç bir qiymətləndirmədən söhbət gedə bilməz. Mən də bütün komanda kimi, nə etmək lazım olduğunu bilirəm.
Təbii ki, Azərbaycanla heç-heçə etmək (ilk oyundakı 1:1 hesablı heç-heçəni nəzərdə tutur – red.) məyusedicidir, amma belə şeylər olur. Prinsipcə, heç nə dəyişməyib, eyni komandamız var. Biz çətin oyuna hazırlaşırıq və qələbə qazanmaq istəyirik”.
Sabah Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.


