Futbol üzrə Niderland milli komandasının və İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Vircil van Deyk AÇ-2020-də oynamaqdan imtina edib.
Arena.az xəbər verir ki, bu barədə niderlandlı müdafiəçi “Liverpul”un mətbuat xidmətinə açıqlamasında məlumat verib.
O, zədədən sonrakı bərpa müddətinin son mərhələsində olduğunu bildirib. Deyk, bərpa müddətini tamamlamaq üçün AÇ-2020-də oynamaq istəmədiyini bəyan edib.
AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Niderland yığması turnirin qrup mərhələsində Ukrayna, Şimali Makedoniya və Avstriya ilə qarşılaşacaq.
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Qeyd edək ki, Vircil van Deyk zədə səbəbindən bu mövsüm “Liverpul”a demək olar ki, kömək edə bilməyib. O, mövsümün əvvəlində cəmi 8 matçda forma geyinib və ağır zədə alaraq mövsümü erkən başa vurub. Van Deyk Niderland yığmasında indiyə qədər 38 oyunda forma geyinib, 4 qola imza atıb.


