“Mançester Siti”nin niderlandlı yarımmüdafiəçisi Ticani Reynders İngiltərə Premyer Liqası haqda qənaətini açıqlayıb.
Arena.az niderlandlı futbolçunun müvafiq qənaətini təqdim edir:
“İngiltərə Premyer Liqası əladır. “Mançester Siti”dəki hər günümdən əvvəlki tək zövq alıram”, deyə Reynders vurğulayıb.
Yarımmüdafiəçi özünün transfer qiyməti ilə də bağlı fikirlərini bölüşüb. “Şəhərlilər” Reynders müqabilində cari ilin iyun ayında “Milan”a təxminən 55 milyon avro məbləğində ödəniş ediblər. “Transfermarkt” internet-portalı isə niderlandlı futbolçunun transfer dəyərini hazırda 70 milyon avro məbləğində qiymətləndirir.
“Vay, bu çox bahadır. Keçidim baş tutanda, mənim müqabilimdə ödənilmiş müvafiq məbləğdən təəccüblənmişdim. Bu, xoş iltifat idi”, deyə Ticani vurğulayıb.
Xatırladaq ki, Reyndersin İngiltərə klubu ilə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Ticani Reynders böyük futbolda “Zvolle” ilə debüt edib, ardınca “Alkmar”da və icarə əsasında “Valveyk”də oynayıb. Reynders 2023-cü ilin iyul ayında 20,50 milyon avro məbləğ müqabilində “Alkmar”dan tamhüquqlu müqavilə əsasında “Milan”a keçib.
Cari mövsümdə “Mançester Siti”də 18 oyuna çıxmış Ticani, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.
Ticani 2023-cü ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 28 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Reyndersin qənimətlər muzeyində “Milan”la qazandığı İtaliya Kuboku (2024/2025) var.
“Transfermarkt” internet-portalı 27 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


