Dambrauskas “Şamaxı” ilə heç-heçəni ədalətli hesab edir

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 12-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 0:0.

Valdas Dambrauskas qolsuz başa çatmış matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Milli komandalarla bağlı yaranmış 2 həftəlik fasilə oyun ritmimizə böyük təsir etdi. Çox çətin oyun oldu. Birinci hissəyə yaxşı başlamadıq. Rəqibin də çox maraqlı oyun planı var idi. Daha çox meydançada təkbətək oynamağa çalışırdılar. Fiziki cəhətdən yaxşı komandadır. Bu gün rəqib əvvəlki matçlara nisbətən daha çox müdafiə olundu. İlk 20-25 dəqiqə daha təhlükəli idilər, bizi cəzalandıra bilərdilər. Amma ikinci hissədə üstünlük bizdə oldu. Yarımmüdafiə xəttini gücləndirdik və nəzarəti ələ aldıq. Ən böyük problemlərimiz üçüncü zonada idi. Son ötürmələr çatmırdı. İkinci hissədə çox yaxşı oynamağımıza baxmayaraq, qol vura bilmədik. Bir topumuz dirəyə dəydi. 0:0 hesabını ədalətli nəticə hesab etmək olar. Daha artığını etməliyik. Bu matçı unutmalı və qarşıdakı matçlara hazırlaşmalı, səhvlərimizi düzəltməliyik. Qarşıdakı matçda daha yaxşı olmalıyıq. Bizim kimi iddialı komandanın qapıya 6 zərbə endirməsi o qədər də çox deyil”.

Dambrauskas komandasının hücumdakı dişsizliyi ilə bağlı sualı isə belə cavablandırıb:

“Hər oyunda hücum futbolu sərgiləməyə çalışırıq. Amma rəqiblərə qarşı bəzən alınır, bəzən alınmır. Rəqiblər də bizi təhlil edirlər. Bizim oyun prinsipimiz həmişə eynidir. Hər oyun eyni qaydada oynamaq olmur. Bəzən istədiklərin alınır, bəzən yox. Hücumda bu gün ötürmələrdə problemlər yaşadıq. Simiçin, Lepinitsanın epizodları oldu. Rəqib də “yatmır”, onlar da mübarizə aparır. Bu gün “Şamaxı” inadkarlıqla mübarizə apardı. Epizodlarımızdan yararlana bilmədik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: