Dambrauskas: “Elita klubları daha yaxşı stadionlara layiqdir”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandama təşəkkür edirəm. Bu qələbə futbolçularımın haqqı idi. Çətin oyun olacağını bilirdik. Çətinlik meydançanın vəziyyəti ilə bağlı idi. Premyer Liqada çıxış edən komandalar daha yaxşı stadionlara layiqdirlər. Bunu bəhanə kimi qəbul etməyin. Texniki cəhətdən yaxşı olan komanda üçün burada topa nəzarət etmək həqiqətən də çətindir. Birinci hissədə meydançaya uyğunlaşmaq çətin idi. Matçın əvvəlində yaxşı fürsətimiz oldu. Texniki səhvlər edirdik. Qol buraxdıq. Amma bu qol ofsayda görə ləğv olundu. İkinci hissə bizim üçün daha yaxşı keçdi. Taktiki detallar barədə danışmaq istəmirəm. Çünki 3 gün sonra kubokda eyni komanda ilə yenidən qarşılaşacağıq. Üçüncü qolu daha erkən vurub oyunun taleyini həll edə bilərdik. Bunun üçün çoxlu qol fürsətimiz oldu. “İmişli”nin də haqqını vermək lazımdır. Onların özünəməxsus oyun planı var. Standart vəziyyətlərdə təhlükəli olurlar. İkinci hissədə səhv etməməyə çalışdıq. Buna da nail olduq. Hesab 3:0 olsa da, oyun bizim üçün asan alınmadı.

Dambrauskas “Sabah” lazımsız xal itkiləri barədə suala isə belə cavab verib:

“Həmişə mənə sual verirlər ki, niyə stabil çıxış etmirsiz. Bu gün sərgilədiyimiz oyunu mükəmməl hesab etməzdim. Amma bütün oyunlarda qalib gəlmək də mümkün deyil. Son 12 matçda 1 dəfə məğlub olmuşuq. Kifayət qədər keyfiyyətli rəqiblərə qarşı mübarizə aparmışıq. 3-cü yerdəyiksə, bu, bizim əməyimizin nəticəsidir. Çox inkişaf etməliyik. Heç nə söz verə bilmərəm. Klub üçün əlimizdən gələni edəcəyik. Məşqlərdə tərləsək, bu, turnir cədvəlində öz əksini tapacaq”.

“Sabah”ın baş məşqçisi “İmişli”yə qarşı keçirəcəkləri kubok görüşünə də toxunub:

“Bu komanda ilə kubok görüşü daha ağır olacaq. Onlar oyunun əlavə vaxta getməsini istəyəcəklər. Bakıya qayıtdıqdan sonra 3 məşq keçəcəyik. Çalışacağıq ki, komandanı oyuna ən yaxşı şəkildə hazırlayaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: