Azər Bağırov: “Veysəl Rzayevlə bağlı ölçü götürüləcək”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 19-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü qolsuz yekunlaşıb – 0:0.

Azər Bağırov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İmişli”nin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Meydançanın durumu oynamağa imkan vermirdi. Rəqib də daha çox fiziki oyuna üstünlük verir. Uşaqlar yaxşı mübarizə apardılar. 4 gün əvvəl çətin kubok oyunumuz olub. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq və ən azı 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlarımız var. Mübarizə hələ davam edir”.

Bağırov son günlər gündəmdə olan futbolçu Veysəl Rzayevin durumu və gecə saatlarında hadisə ilə üzləşməsi məsələsinə də aydınlıq gətirib. O, futbolçunun hazırda xəstəxanada olduğunu və hadisə ilə bağlı klub daxilində ölçü götürüləcəyini vurğulayıb:

“Veysəl hazırda palatadadır, müalicə olunur. Bu məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə balaca şəhərdir, hamıya nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi, belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə ki, ölçü götürüləcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: