Azər Bağırov: “Heç nədən 3 qol buraxdıq”

“Kəpəz”nin baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü Gəncə təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkürümü bildirirəm ki, məğlub olsaq belə, komandanın yanında oldular. Bu, bizim üçün böyük motivasiyadır. Çalışacağıq ki, qarşıdakı matçlarda daha yaxşı oynayıb, onların etimadını doğruldaq. Oyunu iki hissəyə bölmüşdük. Amma əfsuslar olsun ki, ilk hissədə heç nədən 3 qol buraxdıq. Çox “ucuz” qollar buraxırıq. Daha ciddi, daha məsuliyyətli olub, növbəti görüşlərdə yaxşı nəticəyə köklənmək lazımdır.

Bu gün Yusif İmanovun səhvləri var idi. Daha çox məsuliyyətli olmalıdır. “Turan Tovuz”la oyunda da bir səhvi olmuşdu. Hamısını təhlil edirik. Ölçü götürüləcək.

Ryonosuke Ohorinin gözündə bir az problem var idi. Qərar verdik ki, bu gün dincəlsin. Dörd gün əvvəl Bakıda həkimdə olub.

Biz öz gücümüzü nəzərə alıb transferlər etdik. Kim “Kəpəz”dən hər oyunda xallar gözləyirsə, mənim o adama suallarım var. Bu gün çətindir. “Neftçi” ilə “Kəpəz”in imkanları eynidir? Bəlkə “Sabah”la? Legionerə 250 min verib çempionatda qalacaqsansa, pulları yalandan xərcləmək düzgün deyil. Riskdir. Oyunçu gəlib zədələnə bilər. Bütün çətinliklərə rəğmən, “Kəpəz” Premyer Liqadan düşməyəcək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: