“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 3:3.
Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Oyundan öncə məşqçilər heyəti ilə danışarkən deyirdik ki, matç 3:3 hesabıyla bitə bilər. Əfsuslar olsun ki, hesabda 3:0 öndə olsaq da, bu üstünlüyü sona qədər qoruyub-saxlaya bilmədik. Düzdür, bizə çətin idi. Burada “Qarabağ”ın təcrübəsi öz rolunu oynadı. Son 20 dəqiqədə onların təcrübəsi meydanda sözünü dedi. Çox üzgünük. 3:0 öndəsənsə, hansısa yolla bu üstünlüyü sonadək saxlamalısan. Amma təəssüf ki, bunu edə bilmədik. Bu, bizim üçün yaxşı dərsdir, bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha yaxşı hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bu oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geridönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada boş yerlər var idi. Bəzən çempionatda bu cür oyunlar UEFA Çempionlar Liqası matçlarından daha maraqlı, daha gərgin alınır. Demək olar ki, bu oyunda hər şey var idi: intriqa, dram…
Oyundan qabaq hesabı soruşsaydınız, fərqli cavab verərdim. Amma hesab 3:0 olduqdan sonra güzgüyə baxırıq və məyusuq. Biz xallar itirdik. Ona görə də “Qarabağ”ı gözəl geridönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq”.
“Biz heç vaxt bu cür məsələlərə haqq vermirik” – Dambrauskas
Dambrauskas köməkçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət etməsinə də münasibət bildirib:
“Biz üzr istədik. Sözün açığı, o anı görməmişdim. Çünki oyuna köklənmişdim. Bir də gördüm ki, hər iki komandanın ehtiyat skamyası ayağa qalxıb və orada nəsə baş verib. “Sabah” olaraq biz heç vaxt bu cür məsələlərə haqq vermirik. Bizim üçün hörmət çox önəmlidir. Feyr-pley qaydalarının hamısına riayət edirik.
Hakimliyə gəlincə, hər nə desəm də, bunun önəmi yoxdur. Çünki Hakimlər Komitəsinin sədri var və onların səhvlərindən məsuldur. Səhvlərinə baxırlar. Hər birimiz insanıq. Səmimi şəkildə ümid edirəm ki, istəyərəkdən səhv olmayıb, hər kəs səhv edə bilər. Bundan artıq şərh vermək istəmirəm. Çünki matç artıq başa çatıb. Mən öz oyunçularımı təhlil etməliyəm, onların səhvində məsuliyyətim var”.


