Portuqaliyanın “Portu” klubu 41 yaşlı ulduz futbolçusu, braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva ilə yolları ayırdığını açıqlayıb.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
“Əjdahalar” 41 yaşlı futbolçunun müddəti bitmiş müqaviləsinin yenilənməyəcəyini bəyan ediblər. “Portu” Tyaqoya xidmətlərinə görə təşəkkür edib, gələcək həyatında uğurlar arzulayıb.
Xatırladaq ki, Tyaqo Silva bu ilin yanvarında Braziliyanın “Fluminense” klubundan azad agent kimi ayrılaraq “Portu” ilə 6 ay + 1illik müqavilə bağlamışdı. Təcrübəli futbolçu Portuqaliya nəhənginin heyətində 14 matça çıxıb və ölkə çempionu adını qazanıb.
“Portu” 41 yaşlı Tyaqo üçün tanış klubdur. O, 2004/2005-ci illər mövsümündə də Portuqaliya klubunun formasını geyinib. Amma həmin vaxt braziliyalı futbolçu bu klubun B komandasında çıxış edib və əsas komandada debüt imkanı qazanmayıb.
Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Fluminense” və “Yuventude”nin də formasını geyinib.
Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.
“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.



