Anatoli Nuriyev də “Zirə”ni tərk etdi

Futbol üzrə Azərbaycan milli komandasının da üzvü olan hücumameyilli yarımmüdafiəçi Anatoli Nuriyev “Zirə” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti başa çatsa da, yeni sözləşməyə ehtiyac duyulmayıb. “Zirə” futbolçuya klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Anatoli Nuriyev “Zirə”yə bu ilin fevralında “Sabah”dan azad agent kimi keçmişdi. 30 yaşlı futbolçu qəsəbə təmsilçisinin heyətində 13 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Anatoli Nuriyev 2022-ci ildən “Zirə”yə keçənə qədər “Sabah”ın uğurları üçün çalışıb. O, “bayquşlar”ın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, 21 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi paytaxt klubu ilə Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.

Nuriyev daha öncə Azərbaycanda “Sumqayıt”ın da formasını geyinib – 5 oyun, 1 qol, 1 assist. Ukraynada dünyaya göz açmış yarımmüdafiəçi bu ölkədə “Minay”, “Kolos” və “Stal” kimi klubların da şərəfini qoruyub.

2021-ci ildə Azərbaycan millisində debüt etmiş Anatoli meydana çıxdığı 19 oyunda 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: