“Neftçi”nin Sloveniyada təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda iyulun 2-də Rumıniyanın ÇFR (Kluj) kollektivi ilə üz-üzə gələcək. İyulun 6-da Serbiyanın “Partizan” komandası ilə matç baş tutacaq. Ayın 10-da “ağ-qaralar”ı Serbiyanın digər klubu “Radniçki” (Niş) ilə görüş gözləyir. Son sınaq matçı isə iyulun 13-də Xorvatiya “Osiyek” komandasına qarşı keçiriləcək.
Bütün matçlara yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start veriləcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, “Neftçi” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Paytaxt klubu bu turnirə 2-ci təsnifat mərhələsindən start verəcək. Azərbaycan təmsilçisi bu mərhələdə “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 23-də evdə, cavab matçı isə ayın 30-da səfərdə keçiriləcək.


