Fransa millisini çalışdıran Didye Deşam futbol üzrə dünya çempionatlarının final mərhələləri tarixində ən çox qələbə qazanan baş məşqçi olub.
Arena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu rekorda komandasının 2026-cı il dünya çempionatının 1/16 finalında İsveç üzərində 3:0 hesablı qələbəsindən sonra nail olub.
Bu, Deşamın mundialların final mərhələsində baş məşqçi kimi qazandığı 17-ci qələbə olub.
Bununla o, 1964–1978-ci illərdə Almaniya Federativ Respublikası (AFR) millisini çalışdırmış Helmut Şönə məxsus 16 qələbəlik rekordu geridə qoyub.
Deşamın qarşısında daha bir rekordu yeniləmək imkanı da var. Hazırda onun dünya çempionatlarının final mərhələsində baş məşqçi kimi 22 oyunu var. Bu göstəricidə rekord isə 25 oyunla yenə Helmut Şönə məxsusdur.
Didye Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında Fransa bir dəfə dünya çempionu olub, bir dəfə mundialın gümüş medalını qazanıb. Komanda, həmçinin Avropa çempionatlarında bir gümüş və bir bürünc medal əldə edib.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq. Mundialın son qalibi Argentina millisidir.


