Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/16 finalında İsveç yığmasına qarşı keçirdikləri oyunda dubla imza atıb.
Arena.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmış oyunda imza atdığı dublla dünya çempionatlarının tarixinə düşüb.
27 yaşlı forvard bu görüşdə bir neçə tarixi göstəricini yeniləyib və yeni rekordlara imza atıb.
Mbappe ilk növbədə dünya çempionatları tarixinin bombardirləri siyahısında ikinci pilləyə yüksəlib. O, mundiallardakı qol sayını 18-ə çatdıraraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni (17 qol) geridə qoyub. Hazırda bu siyahıya 19 qolla Lionel Messi başçılıq edir. Argentinalı futbolçunun isə 1/16 final oyunu hələ qarşıdadır və o, bu göstəricisini artırmaq imkanı qazanacaq.
Fransalı ulduz eyni zamanda dünya çempionatlarının pley-off mərhələsində vurulan qolların sayına görə də yeni rekord müəyyənləşdirib. İsveçlə matçdakı dubldan sonra Mbappenin mundialların pley-off oyunlarında hesabında 10 qol var. Bununla o, Braziliya futbolunun əfsanələri Leonidas (8 qol) və Ronaldonu (8 qol) geridə qoyaraq bu göstəricidə vahid liderə çevrilib.
Mbappe DÇ-2026-nın bombardirlər yarışında da zirvəyə yüksəlib. Onun hesabında hazırda 6 qol var və bu göstərici ilə Lionel Messi ilə eyni nəticəni bölüşür. Lakin Messi bu qolları üç oyunda vurduğu halda, Mbappe altı qola dörd matçda imza atıb. Argentina millisi isə 1/16 final qarşılaşmasını hələ keçirməyib.
Bundan başqa, Fransa millisinin lideri turnirdə ən məhsuldar futbolçu adına da yiyələnib. Mbappe dörd oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə ümumilikdə 8 qol iştirakına sahibdir və bu göstərici ilə 6 qolu olan Messini geridə qoyur.
Qeyd edək ki, Mbappe dünya çempionatları tarixində ümumilikdə 18 qola çatmaqla Lionel Messinin rekorduna cəmi bir top yaxınlaşıb. Fransa millisinin hücumçusu qarşıdakı oyunlarda həm mundialların ən yaxşı bombardiri, həm də bu turnirin bombardiri olmaq şansını qoruyur.


