Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/16 finalında İsveçlə oyundan sonra Lionel Messi ilə bombardirlik yarışına münasibət bildirib.
Arena.az xəbər verir ki, 27 yaşlı forvard bu oyunda dubla imza atmaqla dünya çempionatlarındakı qol sayını 18-ə çatdıraraq Lionel Messinin (19 qol) rekorduna bir addım yaxınlaşıb.
Buna baxmayaraq, Mbappe əsas diqqətini fərdi rekordlara yox, komandanın uğuruna yönəltdiyini deyib:
“Messinin nə etdiyini izləmirəm. O, həmişə qol vurub, indi də vurur və bundan sonra da vuracaq. Mən həmişə bunu demişəm. Mən yalnız komandama kömək etməyi düşünürəm”, – deyə fransalı hücumçu bildirib.
Kilian Mbappe İsveçlə matçda vurduğu ilk qoldan sonra baş məşqçi Didye Deşamın yanına qaçaraq onu qucaqlamasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu jest komandanın baş məşqçisinə dəstəyinin ifadəsi olub. Qeyd edək ki, Deşam qrup mərhələsi zamanı anasının vəfatı səbəbindən komandanın düşərgəsini müvəqqəti tərk etmişdi:
“Bu, komandamızın DNT-sidir. Biz həmişə birlikdəyik. Bilirik ki, baş məşqçimiz çətin günlər yaşayır. Təəssüf ki, hər kəs həyatında belə anlarla üzləşə bilər. Futboldan daha vacib məsələlər var. Bu jestlə ona göstərmək istədik ki, heç vaxt tək olmayacaq”, – deyə Mbappe vurğulayıb.
Qeyd edək ki, Fransa millisi 1/8 finalda Paraqvayla qarşılaşacaq. Mbappe isə hazırda DÇ-2026-da 6 qolla bombardirlər siyahısının zirvəsində qərarlaşıb və dünya çempionatları tarixinin bombardirləri siyahısında 18 qolla ikinci pillədə yer alır. Messinin hesabında isə 19 qol var.


