Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” köhnə-yeni baş məşqçisi Azər Məmmədov ilə müqavilənin detallarını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Kəpəz” bir neçə gün öncə əsas komandanın baş məşqçi postuna yenidən Azər Məmmədovun gətirildiyini açıqlasa da, onunla müqavilənin daha sonra imzalanacağını bildirmişdi.
Məmmədov bu postda ötən mövsüm başa çatan kimi komandadan ayrılmış və “Şamaxı”nın “sükanı arxasına” keçmiş Azər Bağırovu əvəz edib.
Xatırladaq ki, Azər Məmmədov Gəncə təmsilçisi üçün tanış simadır. O, 2023-cü ildə də “Kəpəz”i çalışdırıb. Məmmədov 2023/2024-cü illər mövsümünün əvvəlindən “Kəpəz”ə rəhbərlik etsə də, noyabrda istefa verib. O, həmin dövrdə bu komandanı bütövlükdə 12 oyuna çıxarıb. Gəncə təmsilçisi bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.
Həmin dövrdə “Kəpəz” Azər Məmmədovun baş məşqçi kimi çalışdırdığı ilk komanda olub. O, daha öncə “Qarabağ”ın futbol akademiyasında və “Zirə”nin ikinci komandasında çalışmış, “Səbail”də köməkçi məşqçi olmuşdu. “Kəpəz”dən ayrılandan sonra isə o, bir müddət “Səbail”də də baş məşqçi kimi çalışıb. Məmmədov 2024-cü ilin noyabrında “Səbail”dən ayrılandan bəri işsiz idi.


