Deşam: “Bəlkə də bu futbol hamının xoşuna gəlmir”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvay yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesablı qələbədən sonra komandasının çətin sınaqdan uğurla çıxdığını bildirib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, qarşılaşma gözlənildiyi kimi ağır keçib və Fransa yalnız sona qədər diqqətini qoruduğu üçün istəyinə nail ola bilib:

“Bu, asan oyun olmadı. Matçın sonlarında yaratdığımız imkanlardan birini dəyərləndirsəydik, qələbə daha rahat görünərdi. Paraqvay çox fiziki komandadır və müdafiədə son dərəcə intizamlı oynayır. Onlar bütün mümkün vasitələrlə mübarizə apardılar. Bəlkə də bu futbol hamının xoşuna gəlmir, amma biz konsentrasiyamızı itirmədik. Cənubi Amerika komandalarına qarşı oynamaq həmişə çətindir. Futbolçularım tapşırığın öhdəsindən gəldi. 1/4 finala yüksəldik və bu, çox sevindiricidir”, – deyə Deşam bildirib.

Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro isə məğlubiyyətə baxmayaraq, futbolçularının meydandakı əzmkarlığından razı qaldığını vurğulayıb. O, görüşün taleyini bir epizodun həll etdiyini və Kilian Mbappenin rəqiblər üçün xüsusi təhlükə yaratdığını qeyd edib:

“Komandamın mübarizəsindən razı qaldım. Futbolçularımız son fitədək oyunda qaldılar və əllərindən gələni etdilər. Amma belə səviyyəli rəqibə qarşı kiçik bir səhv matçın taleyini həll edir. Mbappe elə futbolçudur ki, ona görə bütün oyun planınızı dəyişməyə məcbur olursunuz. Siz sadəcə ona qarşı müdafiə olunmursunuz, 90 dəqiqə ərzində onun meydanda harada olduğunu daim nəzərə almalı olursunuz”, – deyə Alfaro bildirib.

Qeyd edək ki, Fransa millisi Paraqvayı Kilian Mbappenin penaltidən vurduğu qolla 1:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlib. “Xoruzlar” növbəti mərhələdə Mərakeş millisi ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: