Argentinalı hücumçu Lionel Messi DÇ-2026-da Misir üzərində 3:2 hesablı qələbədən sonra turnirin əsas ulduzu statusunu daha da möhkəmləndirib.
Arena.az xəbər verir ki, Argentina millisinin kapitanı həm fərdi statistikalarını yaxşılaşdırıb, həm də bir neçə rekord və antirekorda imza atıb.
Misirlə oyunda vurduğu qolla Messi turnirdəki hesabını 8 topa çatdıraraq bombardirlər yarışında vahid lider olub. O, 7 qolu olan Kilian Mbappe və Erlinq Halandı arxada qoyub.
Eyni zamanda, məhsuldar ötürmə müəllifi də olan argentinalının DÇ-2026-da məhsuldar hərəkətlərinin sayı 9-a (8 qol, 1 assist) yüksəlib. Bu göstəricidə o, Mbappe ilə eyni nəticəyə malikdir. Fransa millisinin hücumçusunun aktivində isə 7 qol və 2 məhsuldar ötürmə var.
Messi bir mundialda vurduğu qolların sayına görə şəxsi rekordunu da yeniləyib. O, DÇ-2022-dəki 7 qolluq göstəricisini geridə qoyaraq 8-ci dəfə fərqlənib. Bununla yanaşı, o, argentinalılar arasında bir dünya çempionatında ən çox qol vuran futbolçu rekorduna da şərik çıxıb. Bu rekord indiyədək yalnız 1930-cu il mundialında 8 qol vurmuş Gilyermo Stabileyə məxsus idi.
39 yaşlı hücumçu daha bir tarixi göstəricini də təkrarlayıb. O, mundialdakı ilk beş oyununda 8 qol vurmaqla, 1970-ci ildə bunu bacarmış alman bombardiri Gerd Müllerin 56 illik nailiyyətinə şərik olub.
Bununla yanaşı, Messi arzuolunmaz göstəriciyə də imza atıb. O, eyni dünya çempionatında iki penalti qaçıran ilk futbolçu kimi tarixə düşüb. Daha əvvəl Avstriya ilə görüşdə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyən kapitan Misirlə oyunda da penalti imkanını boşa verib.
Beləliklə, Messinin dünya çempionatlarında qaçırdığı penaltilərin sayı 4-ə çatıb ki, bu da turnir tarixinin yeni antirekordudur.


