Lionel Messi: “Bu komandanın etdikləri əsl dəlilikdir”

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misir üzərindəki qələbəni komanda xarakterinin növbəti nümayişi adlandırıb.

Arena.az xəbər verir ki, 79-cu dəqiqəyədək 0:2 hesabı ilə geridə olan Argentina millisi oyunu çevirərək 3:2 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Qarşılaşmanın ən yaxşı futbolçusu seçilən Messi matçdan sonra emosiyalarını bölüşüb:

“Bu komandanın bu gün etdikləri əsl dəlilikdir. Azarkeşlərin bundan həzz almağa davam etməsinə görə çox sevinirəm. Növbəti mərhələyə yüksəlmək üçün çox əziyyət çəkməli olduq. Amma bu, dünya çempionatıdır, burada hər oyun çox çətindir. Bu komanda rəqibdən və matçdan asılı olmayaraq sonadək mübarizə apardığını həmişə göstərir. Bugünkü oyun da xarakterimizin növbəti sübutu oldu. Belə bir komandanın üzvü olduğum üçün xoşbəxtəm”.

Lionel Messi oyundan sonra göz yaşlarını saxlaya bilməməsinin səbəbinə də aydınlıq gətirib. O bildirib ki, bunun milli karyerasının sona çatacağı qorxusu ilə heç bir əlaqəsi olmayıb:

“Xeyr. Bu, son oyunum ola biləcəyi fikri deyildi. Sadəcə sevinc və böyük bir rahatlıq hissi idi. Mübarizəni davam etdirmək istəyirdik və hər şeyin bu gün bitməsini istəmirdik. Göz yaşlarım matç ərzində baş verənlərə, gördüyümüz işə və bu komandanın yoluna davam etməyə layiq olduğuna görə idi. 0:2 hesabı ilə geridə olanda oynamaq heç də asan deyil. Amma mən həmişə demişəm, bu komanda heç vaxt təslim olmur”.

Qeyd edək ki, son dünya çempionu Argentina millisi 1/4 finalda İsveçrə yığması ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: