Zlatko Daliç Xorvatiya millisindən ayrıldı – Rəsmi

Zlatko Daliç doqquz illik fəaliyyətindən sonra futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi vəzifəsindən ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

59 yaşlı mütəxəssis qərarını belə şərh edib:

“Millidə işləmək çox çətin qərarlar qəbul etməyi tələb edir. Amma bu, karyeramın ən ağır qərarı oldu. Mən həmişə demişəm ki, öz ölkənin millisini çalışdırmaqdan böyük şərəf yoxdur. Bu vəzifəyə gələndə futbolçuların keyfiyyətinə və özümə inanırdım, lakin bu illər ərzində əldə etdiyimiz uğurları xəyal belə etmirdim. Hər qələbə, hər medal və ən əsası komanda daxilində, eləcə də Xorvatiya xalqı ilə yaratdığımız birliklə fəxr edirəm. Dünya çempionatlarında qazandığımız medallardan sonra yaşadığımız unudulmaz bayramlar bunu bir daha göstərdi.

Son günlər aldığım böyük dəstək qərarımı yenidən gözdən keçirməyə vadar etdi. Ancaq düşünürəm ki, artıq vaxtı çatıb. Millidə yeni uğurlar qazanmaq istəyim qalsa da, bu möhtəşəm dövrü başa vurmaq üçün ən uyğun məqamın indi olduğuna inanıram. Xorvatiya futbolunun tarixindəki ən böyük nailiyyətlərdə payımın olması ilə qürur duyuram və varisimə, milli komandaya və Xorvatiya futboluna gələcəkdə yeni uğurlar arzulayıram”.

Xatırladaq ki, Zlatko Daliç 2017-ci ilin oktyabrından Xorvatiya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş, 2022-ci ildə Qətərdə təşkil olunan mundialın bürünc mükafatını qazanıb. Xorvatiya millisi, həmçinin 2023-cü ildə UEFA Millətlər Liqasının gümüş medalına sahib çıxıb.

DÇ-2026-da isə xorvatlar pley-offa yüksəlsələr də, 1/16 final mərhələsində Portuqaliyaya məğlub olaraq mübarizəni dayandırıblar.

Zlatko Daliç məşqçilik karyerası ərzində Xorvatiyanın “Riyeka” və “Slaven”, Səudiyyə Ərəbistanının “Əl-Feysəli” və “Əl-Hilal”, həmçinin BƏƏ-nin “Əl-Ayn” klublarını da çalışdırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: